Gözdən əlillər üçün Qurani-Kərim... - REPORTAJ

Onlar nə görür, nə də yaza bilirlər, amma oxumağı hər kəs kimi bacarırlar. Kimisi anadan olandan dünya işığına həsrətdir, kimisi də bu adı sonralar qazanıb - gözdən əlillər...

 

Bu gün onların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində bir sıra dövlət proqramları tətbiq edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə daha bir addım ataraq, ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən brayl əlifbası ilə Qurani-Kərim çap etdirib. Bundan sonra gözdən əlilliyi olan insanlar daha rahat şəraitdə özləri kimsənin köməyi olmadan Qurani-Kərimi oxuya biləcəklər. Yeni kitabın müəllifi Tofiq Balayev deyir ki, illərlə üzərində əmək sərf etdikləri 7 cildlik kitab Vasim Məmmədəliyev və Ziya Bünyadovun tərcüməsi əsasında brayl əlifbası ilə yazılıb: "Bunun köməyi əsasən gözdən əlillərin asılılığını aradan qaldıracaq. Artıq biz kiməsə deməyəcəyik ki, Qurandan bir ayəni və ya surəni oxu. Biz çalışacağıq ki, bu kitablar bütün gözdən əlillərin evində olsun. Burada kitabın hər səhifəsinin əvvəlində surələrin adları yazılıb".

 

İki yaşında aldığı zədə nəticəsində gözlərinin nurunu itirən Hüseyn Məmmədov deyir ki, brayl əlifbası ilə oxumağı 1-ci sinfə gedəndən öyrənib. Buna görə də uşaq yaşlarından braylla oxumaq ona heç də çətin başa gəlməyib. Amma bu günə kimi Qurani-Kərimi hər zaman yaxınlarının dilindən eşidib: "Bundan sonra mənə Qurani-Kərimi oxumaq çox asan olacaq. Çünki hər zaman qohumlarım oxuyurdular mən qulaq asırdım. İndi artıq mən özüm oxuyacam".

 

Gözdən əlillər üçün Mərkəzi Kitabxananın əməkdaşı Nazlı Əliyeva isə deyir ki, xidmət etdikləri abunəçilər tərəfindən ən çox verilən suallardan biri bu gün öz həllini tapıb. Bircə qalır kitabları əlillərə zamanında çatdırmaq: "Bu kitabları çalışıb rayon yerində yaşayan gözdən əlillərə çatdırmalıyıq. Çünki apardığımız araşdırmaya görə, rayonlarda olan gözdən əlillərin həm sayı paytaxta nisbətən çoxdur, həm də onlar kitabxanalardan istifadə edə bilmirlər. Onların ehtiyacı daha çoxdur".

 

Görmə qabiliyyətindən məhrum olan Bəybala Bədullayev isə hesab edir ki, əlilliyi olan insanlara yardım üçün atılan bu addım təqdirəlayiqdir və gələcəkdə bu tip işlərin davamlı aparılması olduqca vacibdir: "Hesab edirəm ki, görülən işlər bununla yekunlaşmamalıdır. Dində olan bir sıra ayə və surələrin tərcümə edilməsi, Qurani-Kərimin ərəbcə, cüzlərin isə azərbaycanca tərcümə edilib nəşr olunması vacibdir. Bununla yanaşı, gözdən əlil insanlar arasında hafizlərin yetişdirilməsi üçün kurslar təşkil olunmalıdır. Bu kurslarda gözdən əlillərə qiblənin təyin edilməsi, onlara səcdəyə gedən zaman həyata keçirilən qaydalar öyrədilməlidir".

 

Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev əlillərin qaldırdığı məsələlərə münasibət bildirib: "Bizim artıq Qurani-Kərimi çap etmək təcrübəmiz var və hesab edirəm ki, deyilən təkliflər ətrafında fikir mübadiləsi aparıb gələcəkdə məşhur hədislərin brayl əlifbası ilə nəşr olunmasını təmin edəcəyik. Artıq Azərbaycanın özündə bu əlifba ilə kitab çapı mümkün olduğundan, bu işləri yaxın zamanda həyata keçirmək mümkün olacaq".

 

Dini Komitənin sədri Mübariz Qurbanlı isə deyib ki, prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə kitab çapı üçün ayrılmış vəsaitin bir qisminin hesabına çap prosesinə hələ mart ayından başlanılan Qurani-Kərimin brayl əlifbası ilə çap olunması reallaşıb. Görülən işlərin davamı olaraq gələcəkdə bu istiqamətdə yeni layihələr həyata keçiriləcək.

 

Müəllif | Apa.Tv