Cahangir Əsgərov: “AZAL turizm marşrutlarında aşağı tarifli özəl uçuşlar təşkil edəcək”

Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin kollegiya iclası keçirilib.

 

QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyevin “aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə bağlı verdiyi tapşırıqlar ciddi şəkildə müzakirə olunub.

 

Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasda İdarə Heyətinin sədri, prezident Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını  tapşırıb.

 

Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa zamanda AZAL tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib.

 

Bununla yanaşı, C.Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışı çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb.

 

İdarə Heyətinin üzvləri qərara gəliblər ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılsın və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanaraq  hökumətə təqdim edilsin.

Müəllif | Apa.Tv
Apa.tv