İŞİD bombalandı: 130 terrorçu məhv edildi
Koalisiya aviasiyası və İraq Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində Ənbar əyalətini nəzarətdə saxlayan 130 İŞİD terrorçusu məhv edilib.
APA TV-nin "TASS"a istinadən xəbərinə görə, faktı İraqın Müdafiə Nazirliyi təsdiqləyib.
"Əl-Xaldiyə şəhərinə endirilən aviazərbələr nəticəsində 60 terrorçu öldürülüb. Onların 14 hərbi maşını və 8 məntəqəsi də məhv edilib" - deyə məlumatda bildirilir. Daha 70 qruplaşma üzvü isə Ramadi şəhərinin bombalanması nəticəsində zərərsizləşdirilib. Onlar şəhərin gübrə istehsalı fabrikinin ətrafında möhkəmlənən dəstələrin üzvləridir.
Bu arada İraq hərbi komandanlığı Ənbar əyaləti istiqamətində hücuma keçdiklərini bəyan edib. Əsas hədəf Ramadi və Əl-Fəlluca şəhərləridir. Hər iki şəhər İŞİD-in əlindədir.