Dövlət Gömrük Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 16-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı, Qəbələ və Şamaxı rayonlarından olan sakinləri qəbul edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, komitənin müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.
Hər bir vətəndaş Aydın Əliyev tərəfindən diqqətlə dinlənilib və əksər müraciətlər yerindəcə həll edilib. Araşdırılması zəruri olan bir sıra müraciətlərin isə qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara hərtərəfli izahatlar verilib, belə müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.