Netanyahu İrana görə ingilis nazirlə dalaşdı

İngiltərənin  xarici işlər naziri Filip Hammond  və İsrailin baş naziri Benyamin Netanyahu ilə Təl-Əvivdə keçirdikləri mətbuat konfransında jurnalistlərin gözü önündə İrana görə mübahisə ediblər.

 

APA TV-nin xəbərinə görə, görüş ərəfəsində iki nazirin qısa mətbuat açıqlaması qarşılıqlı ittihamlara çevrilib.

 

İranı beş qitədə, 30 ölkədə terroru dəstəkləməklə günahlandıran Benyamin Netanyahu dünya güclərinin Tehranla imzaladığı nüvə sazişini tənqid edib. Netanyahu İran liderlərinin İsraili xəritədən silmə haqqında açıqlamalarını xatırladaraq, imzalanan sazişin anti-semitizmə dəstək verdiyini bildirib.

 

İngilis nazir isə Netanyahunun narahatlıqlarını anladığını, amma bu sazişin İranın nüvə proqramı ilə bağlı olduğunu deyib. Lakin Netanyahu  ingilis nazirin sözünü kəsərək, bu sözlərə inanacaq səviyyədə sadəlövh olmadıqlarını bildirib. İngiltərəli nazir Hammond isə İranı küçələrdə səsləndirilən şüarlarla deyil, hərəkətləri ilə yoxlayacaqlarını qeyd edib.

 

İngilis nazirin etdiyi hər bir açıqlamaya cavab verən Netanyahu ona xitabən "Davam etmək istəyirsinizmi?" - deyə soruşub. Hammond isə "xeyr, təklikdə davam edək. Məncə, sual-cavab hissəsi üçün jurnalistlərə ehtiyacımız olmadığını sübut etdik" - deyərək İsrailin baş nazirinə etiraz edib.

Müəllif | Apa.Tv
Apa.tv