Penitensiar Xidmət milli mətbuatın 140 illiyi ilə bağlı tədbir keçirdi

Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində milli mətbuatın 140 illik yubileyi ilə bağlı tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Penitensiar Xidmətin rəis müavinləri - Hüseyn Əlixanov, Nizaməddin Cəlilov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF)icraçı direktoru Vüqar Səfərli, "APA Holding"in prezidenti Vüsalə Mahirqızı, “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib ki, söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən biridir: "Mətbuatın 125 illiyi ilə əlaqədar Ümummilli lider Heydər Əliyev tərəfindən geniş tədbir keçirilmişdir və o zaman dəyərli jurnalistlər xüsusi mükafatlara, adlara layiq görülmüşdür. Bu ənənənin davamını isə cənab prezident İlham Əliyev davam etdirdi. Bütün bunlar göstərir ki, ölkəmizdə mətbuat hər zaman dövlətin diqqət mərkəzində və qayğısı altındadır".

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda milli mətbuatın əsası Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə qoyulub: "Həsən bəy Zərdabi göstərirdi ki, xalqın inkişafı mövhumatdan yox elmdən, təhsildən keçir. Mətbuat xalqların inkişafında böyük rol oynayır".

 

Əflatun Amaşov Mətbuat Şurasının mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinin sivil qaydada tənzimlənməsi və reket jurnalistikaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə də məlumat verib.

 

Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolu keçdiyini bildirib. O, KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb.

 

Tədbirdə çıxış edən "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı milli mətbuatımızın tarixi inkişaf mərhələlərinə dolğun nəzər salaraq qarşıda duran vəzifələrdən danışıb: "Dövlət qurumlarından və hərbi sistemdən gələn informasiya həm də milli təhlükəsizlik məsələsidir. Bu informasiyalar ölkənin milli təhlükəsizliyi üçün son dərəcə önəmlidir. Buna görə də bu gün mətbuatın ehtiyacı var ki, hər hansı bir hadisə baş verən zaman bu xəbəri dövlət qurumları ilə dərhal dəqiqləşdirək və ictimaiyyətə ilk informasiya təqdim edək. İndiki halda bunu etmək olduqca çətin məsələdir. Çünki bu gün hər kəsdə mobil telefon var və onlar hadisə baş verən an onu çəkib sosial şəbəkələrdəki səhifələrində paylaşırlar. Bu baxımdan medianın işi bir qədər çətinləşir. Lakin bütün bunlara baxmayaraq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu məsələləri qabaqlaya bilir. Biz ilkin informasiyanı sizin mətbuat xidmətindən dəqiqləşdirib anında yaza bilirik. Mən dəfələrlə bunu demişəm ki, hər bir qurumun mətbuat xidməti onun rəhbərliyinə bənzəyir və əgər rəhbərlik mediaya həssasdırsa, əgər rəhbərlik üçün mediada yazılanlar ictimai nəbzin rolu varsa, mətbuat xidməti də işini ona uyğunlaşdırır, uğurlu bir nəticə alınır".

 

Tədbiri yekunlaşdıran ədliyyə general-mayoru Hüseyn Əlixanov jurnalistləri bundan sonra da milli maraqların müdafiəsində əzmlə dayanmağa, dövlətçilik mənafeyindən çıxış etməyə çağırıb. Sonda bir qrup jurnalistə mükafatlar təqdim olunub.

 

Müəllif | Apa.Tv