Moskvada Qarabağ müzakirələri: Məmmədyarov Lavrovla görüşdü

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

 

XİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, görüş zamanı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov səfərin yüksək səviyyədə olan ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

 

O, Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın bir çox sahələrdə, o cümlədən humanitar sahədə uğurla davam etdiyini bildirib və burada bu il Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı Azərbaycanda Rusiya Mədəniyyət Günlərinin təşkil olunacağını qeyd edib.

 

Eyni zamanda Sergey Lavrov bu ilin sentyabr ayında Yekaterinburqda keçiriləcək Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində regionlararası forumun da təşkil olunacağını, Sverdlovsk vilayətində isə hərbi texnika sərgisinin keçiriləcəyini bildirib və burada Azərbaycan nümayəndə heyətinin iştirakını gözlədiklərini vurğulayıb.

 

Nazir Elmar Məmmədyarov həmkarına təşəkkür edib və sözügedən görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirib. Həmçinin Azərbaycanın XİN rəhbəri İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibəti ilə rusiyalı həmkarını təbrik edib.

 

Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayan nazir Elmar Məmmədyarov buradakı vəziyyətin tam stabilləşməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruri olduğunu söyləyib.

 

Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan Azərbaycanın xarici işlər naziri burada Rusiyanın həmsədr ölkəsi kimi rolunu önə çəkib.

 

Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardığını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtının çatdığını vurğulayıb və bunun üçün bütün əsasların olduğunu söyləyib. 

Müəllif | Apa.Tv
Apa.tv