Göyçay sakini yeni nov pomidor şitili yetişdirib
Göyçay sakini fərdi təsərrüfatında ilk dəfə olaraq maraqlı və daha məhsuldar pomidor şitili yetişdirməyə nail olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Qaraxıdır kəndində yaşayan və 20 ildən çoxdur ki, tərəvəzçiliklə məşğul olan Novruz Hacıyev fərdi həyətyanı sahəsində yeni sort pomidor şitili yetişdirib.
Novruz Hacıyev eksperiment üçün iki pomidor toxumunu kəsərək onları birləşdirib və bir yerdə torpağa əkib. O, həmin toxumu cücərdib və şitilə xüsusi qulluq etdiyini bildirib. Hazırda pomidorların çiçəkləmə prosesi başlayıb. Bir aydır ki, torpağa əkilən şitilin üzərində hazırda 500-ə yaxın çiçəyin olması kənd sakinlərini təəccübləndirib.
Novruz Hacıyev deyir ki, adi pomidor şitillərinin üzərində adətən 15-25 ədəd çiçək olur. O, bu qeyri-adi pomidor şitilinə xüsusi qulluq edərək, hər bir çiçəyin pomidora çevrilməsi üçün çalışacağını və bol məhsul əldə edəcəyini bildirib. Bu şitil məhsuldarlığına görə 20-25 ədəd pomidor şitilini əvəz edir. Fermer yeni əldə etdiyi pomidor şitilinin üzərindəki çiçəklərin artaraq 500-dən çox olacağını və oktyabradək məhsul toplayacağını qeyd edib. Bu yeni pomidor şitilindən cari ildə bol məhsul götürsə, Novruz Hacıyev gələn il böyük şitilxanaya 100 ədəd həmin məhsuldar pomidor şitili əkəcəyini bildirib.