Göyçayda beş baş mal-qara diri-diri yandı

Göyçay rayonunda mal-qara tövləsi yanıb, iri və xırda buynuzlu heyvanlar yanaraq tələf olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə iyulun 19-da axşam saat 22:30 radələrində rayonun Yekəxana kəndində qeydə alınıb.

 

Kənd sakini, 1974-cü il təvəllüdlü Şükran Kamal oğlu Həsənova məxsus ümumi sahəsi 120 kvadrat metr olan tövlədə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub.

 

Hadisə zamanı tövlə və onun çardağına yığılmış 3 ton ot bağlaması yanıb. Nəticədə tövlədə olan 2 ton arpa, 1 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Yanğınsöndürənlər yaxınlıqdakı yaşayış evini alovdan mühafizə ediblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov