Seneqalda Çadın keçmiş diktatorunun məhkəməsi başlayır
Seneqalda Çadın keçmiş diktatoru Xissen Xabrenin məhkəməsi başlayır. APA TV-nin xəbərinə görə, o, bəşəriyyət əleyhinə cinayətlərdə təqsirli bilinir.
1982-ci ildə vətəndaş müharibəsi nəticəsində hakimiyyətə gələn diktator 8 il ölkəni idarə edib. Hakimiyyətdən devrildiyi vaxt Seneqala qaçan eks-lider indi 40 min insanın öldürülməsində, 100 min insanın isə müxtəlif işgəncələrə məruz qoyulmasında təqsirləndirilir. Onu hətta "Afrikalı Pinoçet" də adlandırırlar.
"Bu mübarizə mənim üçün həyatımın işidir. Mən buna son qoymaq istəyirəm. İstəmirəm eyni şeyi mənim uşaqlarım, yaxınlarım yaşasın. Mən məhkəməni gözləyirəm və ədalətin zəfər çalacağına inanıram" - deyə Xabre rejiminin qurbanları Assosiasiyasının katibi Jinett Nqarbaye bildirib.
Qeyd edək ki, Xissen Xabre barəsində beynəlxalq axtarış və həbs-qətimkan tədbirinin seçilməsi qərarı 2005-ci ildə Belçikada verilsə də, Seneqal hökuməti digər ölkənin vətəndaşını mühakimə etməyi qanunsuz sayıb. Bu hüquq Seneqala 2012-ci ildə BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən verilib.
Beləliklə, ilk dəfə olaraq Seneqal məhkəməsi digər ölkənin vətəndaşı və həm də prezidenti olan bir şəxsi mühakimə edəcək. 2008-ci ildə Çad məhkəməsi Xissen Xabreni qiyabi olaraq ölüm cəzasına məhkum edib. Vəkilləri 73 yaşlı eks-prezidentin səhhəti ilə bağlı məhkəmə zalına gələ bilməyəcəyini bildiriblər.