Zaqatalada narkotik bitki becərən qardaşlar tutuldu

Zaqatalada küllü miqdarda narkotik bitki becərən iki qardaş həbs edilib.


Zaqatala Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində qanunsuz narkotik tərkibli bitkilərin əkib becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində tədbir keçirib.

 

Tədbir nəticəsində rayonun Car kəndinin şimal-qərbində, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Car meşəbəyliyinin 3-cü dalayında kultivasiya yolu ilə əkilmiş, aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolu bitkisi əkilən sahə aşkar edilib.

 

Məlum olub ki, əraziyə narkotik tərkibli bitki rayonun Car kənd sakinləri olan iki qardaş - 1976-cı il təvəllüdlü İslam Tahir oğlu İbrahimov və 1981-ci il təvəllüdlü Əhməd Tahir oğlu İbrahimov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əkilib. Tədbir zamanı ərazidən Zaqatala RPŞ-nin əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ümumi sayı 358 ədəd olmaqla 3 kq 220 qr narkotik bitki hesab olunan çətənə kolları bitkisi yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. İslam və Əhməd İbrahimov qardaşları saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv