Gəncə, Şəmkir və Göygöldə reydlər: sərxoş sürücülər saxlanıldı
Bayram günlərində avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları həftə sonu gücləndirilən iş rejimində çalışıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Gəncə, Şəmkir və Göygöldə keçirilən reydlər zamanı xeyli sayda sərxoş sürücü aşkar olunaraq cəzalandırılıb.
Şəmkir rayon Dövlət Yol Polisi bölməsindən verilən məlumata görə, həftə sonunun bayram günlərinə təsadüf etməsi səbəbindən istirahət zonalarına, dağ rayonlarına, o cümlədən Gədəbəy rayonuna da üz tutanların sayı artıb. Vətəndaşların mənzil başına rahat və təhlükəsiz çatması, eləcə də baş verə biləcək qəzaların qarşısını almaq üçün Şəmkir rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları Şəmkir-Gədəbəy avtomobil yolunda növbəti reyd keçirib. Bir neçə saat davam edən yoxlamalar zamanı 15 sərxoş sürücü aşkarlanıb.
Bayram günlərində Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Hacıkənd qəsəbəsində də reyd keçiriblər. Nəticədə spirtli içki qəbul edərək avtomobil idarə edən 10 sürücü aşkarlanaraq onlar barəsində müvafiq tədbirlər görülüb.
Göygöl rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları isə keçirilən reyd zamanı 8 sərxoş və 20-yə yaxın sənədsiz sürücü aşkarlayaraq avtomobilləri cərimə meydançasına aparıblar.
Ümumilikdə 2 gün ərzində qərb bölgəsində 50 sərxoş 120 hüquqsuz sürücü aşkarlanıb. Bundan başqa, 136 sürücü avtomobilin konstruksiyasına dəyişiklik etdiyi üçün barələrində müvafiq tədbir görülüb. 1000 ə yaxın sükan sahibinə isə inzibati protokol tərtib olunub.