Lənkəranda şəhid zabitin medalı 8 yaşlı oğluna təqdim olundu

Silahlı Qüvvələrimizin şəhid olmuş zabiti, 1980-ci il təvəllüdlü baş leytenant İqbal Sərraf oğlu Əhmədovun Azərbaycan Respublikasının Prezidenti adından müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medal bu gün ailəsinə təqdim olunub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə şəhidin dəfn olunduğu Aşağı Nüvədi qəsəbə qəbiristanlığına baş çəkərək xatirəsini yad ediblər.

 

Daha sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə medalın təqdimetmə mərasimi keçirilib. Rayonun icra strukturları və ictimaiyyət nümayəndələrinin, yerli sakinlərin, Milli Ordu əsgərlərinin qatıldıqları tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Hadi Rəcəbli, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev və digərləri Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin həmişə əziz tutulduğunu, onların adlarının əbədiləşdirildiyini, şəhid ailələrinin isə ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd ediblər.

 

Bildirilib ki, Talışxanovlar, Həzi Aslanovların varisləri olan lənkəranlı gənclər Silahlı Qüvvələrdə xidmətdən fəxr duyur və hərbi peşəni - Vətənə xidmət peşəsini həvəslə seçirlər. 189 lənkəranlı Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Mərasimdə şəhidin ölümündən sonra layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” medalı 8 yaşlı oğlu Kənana təqdim edilib.

 

Şəhidin anası Kəsirə Əhmədova çıxış edərək, göstərilən diqqət və qayğıya görə ailəsi adından minnətdarlığını çatdırıb.

 

Qeyd edək ki, baş leytenant İqbal Əhmədov Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2003-2004-cü illərdə təlim-tədris mərkəzindən sonra hərbi qulluğa başlayıb. Ön cəbhədə xidmət keçib. Şəhidin bir oğlu, bir qızı qalıb.

 

Müəllif | Apa.Tv