Yarım əsr sonra: ABŞ-ın Kubada, Kubanın ABŞ-da səfirlikləri açıldı
ABŞ paytaxtında Kuba Maraqları Seksiyasının qarşısında adı çəkilən ölkənin himninin müşayiəti ilə dövlət bayrağı qaldırılıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu tarixi mərasim hər iki ölkə rəsmilərinin iştirakı ilə baş tutub.
Xatırladaq ki, ABŞ-la Kuba arasında diplomatik münasibətlər 1961-ci ildə pozulub. Bundan sonra tərəflər yalnız maraqlar seksiyası çərçivəsində çalışmağa başlayıblar.
Ötən ilin dekabrında Raul Kastro və Barak Obama əlaqələrin bərpa edilməsi üçün prosesin başladığını elan ediblər. Kubanın xarici işlər naziri Bruno Rodriges bu prosesin başlanması ilə daha böyük uğurlara imza atılacağını qeyd edib. "Bu o zaman baş verəcək ki, bizim ölkəyə qarşı tətbiq olunan iqtisadi, ticari və maliyyə qadağaları götürülsün. Kubalılar bundan çox əziyyət çəkiblər. Quantanamodakı işğal edilmiş ərazi geri qaytarılmalıdır, Kubanın suverenliyinə hörmətlə yanaşılmalıdır" - deyə o əlavə edib.
Bu arada ABŞ-ın Havanadakı maraqlar seksiyası da illər sonra bu ölkənin Kuba paytaxtındakı səfirliyinə çevrilib. Gələn ay ABŞ dövlət katibinin Kubaya səfəri gözlənilir. Məhz həmin səfər zamanı ABŞ-ın səfirliyinin açılışı xüsusi mərasimlə qeyd olunacaq.