Tovuzda güclü yanğın: anbar külə döndü
Tovuzda güclü yanğın olub. APA TV-nin qərb bürosunun xəbərinə görə, rayonun bir çox yerlərindən görünən yanğın vətəndaşa məxsus, hazırda fəaliyyət göstərməyən "Tovuz Qida Məhsulları" MMC-nin ərazisində baş verib.
Yanğın zamanı 200 kvadratmetr sahədə quru ot, ümumi sahəsi 660 kvadratmetr olan anbarın yanar konstruksiyaları, içərisində kağız olan 300 kvadratmetr sahə yanaraq yararsız hala düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, ətrafdakı quru otların alışması nəticəsində alov binaya da keçib. Alovu söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb edilib. Nəticədə alovu ram etmək mümkün olub və anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.