Bakıda QHT sədrindən soyuq silah tapıldı

Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İlqar Talışxan oğlu Əliyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsilə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı sərnişin İlqar Əliyevə məxsus çamadanda olan şəxsi əşyaların arasından metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd  beşguşəli, itibucaqlı ulduz  formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.

 

İlqar Əliyev izahatında “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.

Müəllif | Apa.Tv
Apa.tv