Maşın oğrusundan külli miqdarda saxta pul tapıldı

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi cinayətkarlıqla mübarizə sahəsində uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda saxta əsginas dövriyyədən çıxarılıb.

 

Nazirlikdən APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakini Bəxtəvər Şiralıyevin oğurladığı “VAZ-2107” markalı nəqliyyat vasitəsini satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal həyata keçirilən əməliyyat tədbiri ilə fakt təsdiqini tapıb və o, saxlanılıb.

 

Araşdırmalar zamanı həmin avtomaşının Suraxanı rayonunda yaşayan Ceyhun Qocayevə məxsus olduğu və bu il iyulun 14-də Bəxtəvər Şiralıyev tərəfindən qaçırıldığı müəyyən edilib. Üzərinə baxış zamanı B.Şiralıyevdən 450 manat saxta əsginas götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə də baxış keçirilib və oradan ümumilikdə 24 800 manat, o cümlədən 130 ədəd 100 manatlıq, 236 ədəd isə 50 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat  tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv