Komandanlar Bakıda toplaşdılar

Azərbaycan paytaxtında MDB Sərhəd Qoşunları Komandanları Şurasının 70-ci iclası keçirilir. Bakı artıq üçüncü dəfədir, bu toplantıya ev sahibliyi edir. İclasda açılış nitqi söyləyən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev toplantının səmərəli keçəcəyinə və MDB ölkələri arasında sərhəd məsələlərində əməkdaşlığın daha da  güclənəcəyinə ümidvar olduğunu deyib.

 

Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev çıxışında bildirib ki, daxili sabitlik, yüksək iqtisadi inkişaf tempi, uğurlu sosial siyasət və əhalinin rifah halının yaxşılaşması nəticəsində Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin təşkili üçün əlverişli platformaya çevrilib və MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclası da bunu təsdiqləyir.  Onun sözlərinə görə, təkcə son 10 ildə dövlət başçısı Sərhəd Xidmətinin müxtəlif dəstələrinə 19 dəfə baş çəkərək sərhədlərin mühafizəsindəki vəziyyətlə şəxsən tanış olub. 2005-ci ildən bəri Sərhəd Xidmətinin büdcəsi 7 dəfə artıb. Müasir sərhəd infrastrukturunun yaradılması üçün böyük işlər görülüb, maddi-texniki baza yaxşılaşıb, 1200 mənzil, Olimpiya idman mərkəzi, İstirahət Evi tikilərək istifadəyə verilib. Havadan nəzarət və Xəzərdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün 2005-ci ildə sərhəd mühafizə dəstələri formalaşdırılıb. Dövlət başçısının fərmanı ilə Dövlət Sərhəd Xidməti Akademiyası da yaradılıb”.

 

Açılış mərasimindən sonra tədbir iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə  Əliyevanın məzarlarını, həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

MDB Sərhəds Qoşunları Komandanları Şurasının toplantısı bu gün başa çatacaq. Toplantının gündəliyinə 7 məsələ daxil edilib. Bu məsələlər arasında 2014-cü ildə MDB ölkələrinin xarici sərhədlərinin, o cümlədən Mərkəzi Asiya regionu və Xəzər hövzəsində xarici sərhədlərin təhlükəsizliyinin təmin olunmasında sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinin prioritet istiqamətlərinin müzakirəsi də var . Bundan başqa iştirakçılar birliyin xarici sərhədlərində böhran vəziyyətlərinin nizamlanması məqsədilə MDB Dövlət Başçıları Şurasına təkliflər hazırlayacaq, habelə Tacikistan-Əfqanıstan sərhədində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Düşənbəyə təcili yardımın göstərilməsi məsələlərini müzakirə edəcəklər. Bundan başqa, iclas iştirakçıları 2013-cü ildəki fəaliyyətlərinə yekun vuraraq, Şuranın planlarının yerinə yetirilməsi vəziyyətini dəyərləndirəcəklər.

Müəllif | Apa.Tv