Kamran Əliyev: "Vətəndaşlar mənzil-tikinti kooperativləri barədə bir az ehtiyatlı olmalıdırlar"
Azərbaycanda bu ilin birinci yarısında korrupsiya ilə bağlı cinayətlərin statistikası açıqlanıb.
APA TV-nin xəbərinə görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarım ili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib ki, birinci yerdə 15 cinayətlə (30 şəxs barədə) banklar gəlir. İkinci yeri 11 cinayətlə (17 şəxs barədə) özəl sektor, üçüncü yeri 10 cinayətlə (21 şəxs) tikinti sektoru tutur.
İdarə rəisi hesab edir ki, vətəndaşlar mənzil-tikinti kooperativləri barədə bir az ehtiyatlı olmalıdırlar: “Bizim tərəfdən yeni tiklilərlə bağlı təkliflər hazırlanıb və təqdim olunub. Tikilən binaların reyestri hansısa dövlət qurumu tərəfindən aparılmalıdır ki, vətəndaş mənzil almaq istəyərkən bunu yoxlada bilsin. Tikilən yeni binaların reyestri hansısa dövlət qurumu tərəfindən aparılmalıdır. Mənzil-tikinti kooperativlərin arxasında oliqarxların, kimlərinsə dayanması faktı yoxdur. Bəzən səriştəsiz bəzi şəxslər bina tikintisi ilə məşğul olur, tikib qurtara bilmir”. SİTATIN SONU
Kamran Əliyev “Sevil Massivi” MMC ilə əlaqədar 5 vəzifəli şəxslə bağlı cinayət işinin məhkəməyə göndərildiyini və artıq məhkəmənin ilkin baxışının olduğunu deyib: “Bu işlə bağlı vətəndaşlara dəyən tam ödəniləcəyi ilə bağlı məndə heç bir narahatçılıq yoxdur. İndiyə qədər vətəndaşlara dəyən ziyanın yarısının ödənilməsi təmin edilib. Digər tərəfdən, həmin 5 nəfərin əmlakı üzərinə həbs qoyulub. Ümid edirəm ki, məhkəmə bizim ilkin qərarla razılaşacaq və üzərinə həbs qoyulan əmlaklar satışa çıxarılacaq. Bu halda vətəndaşların digər yarısına dəyən ziyanı ödənilməsində problem olmayacaq”.
İdarə rəisi “Xəmsə” MTK-nın rəhbərinin axtarışda olduğunu da nəzərə çatdırıb: “Qanun bizə imkan verən formada ziyanın ödənilməsinə çalışırıq. Binanın indiki sahibi ilə vətəndaşlar arasında müqavilələr bağlanıb, bu sahədə vətəndaşlara dəymiş ziyanın ödənilməsinə çalışırıq”.