Azərbaycan prezidenti Avropa İttifaqı Şurasının prezidentini qəbul etdi

Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun rəsmi qarşılanma mərasimi olub.

 

APA TV-nin məlumatına görə, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

 

Azərbaycanın dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşılayıb. Daha sonra Avropa İttifaqının və Azərbaycanın himnləri səslənib.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

 

Rəsmi qarşılanma mərasimindən sonra prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

 

Görüşdə prezident İlham Əliyev qonaqları salamlayaraq, səfərin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında mühüm addım olduğunu bildirib: "Biz əlaqələrimizin inkişafından çox razıyıq. Biz çox məqsədə çatmışıq və sözsüz ki, gələcək üçün planlarımız var. Bu gün biz əməkdaşlığımızın perspektivlərini müzakirə edəcəyik. İndiki mövqeyimizə gəlincə, biz gündəliyin çox geniş olmasından, Azərbaycan, Avropa və regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən bir çox sahələri əhatə etməsindən razıyıq. Biz sözsüz ki, əsas diqqəti siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, enerji təhlükəsizliyi və digər ənənəvi sahələrə cəmləşdirməklə tərəfdaşlığımızı dərinləşdirməyi, əlaqələri intensivləşdirməyi və əməkdaşlıq üçün yeni sahələr tapmağı planlaşdırırıq. Ümidvaram ki, səfəriniz zamanı nə etdiyimizi və hansı işləri planlaşdırdığımızı müzakirə etmək üçün yaxşı imkanımız olacaq".

 

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə dəvət və qonaqpərvərliyinə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Qonaq Bakıya ilk səfərini xatırlayaraq qeyd edib ki, bu, 5 il bundan əvvəl olub: "Lakin bu, mənim Avropa İttifaqı Şurasının prezidenti kimi ilk səfərimdir. Təmkinli olduğunuza görə Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, mən Avropadakı problemlərlə əlaqədar Azərbaycana səfərimi təxirə salmalı olmuşdum. Məni başa düşdüyünüz üçün minnətdaram. İndi mən buradayam və razıyam. Şəxsən mənim üçün əməkdaşlığımızla əlaqəli olan “Enerji Birliyi” adlanan ideya baxımından əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Avropa olaraq bizim üçün bu sahədə əməkdaşlığımız təkcə işbirliyindən ibarət deyil. Əslində bu, enerji resursları marşrutlarının şaxələndirilməsi üçün strateji seçim və strateji imkandır".

 

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu və forması daha da dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olunub.

 

Sonra prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında söhbət təkbətək davam etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv