Prezident İlham Əliyev: “Ermənistan prezidentinin demokratiyadan danışmağa haqqı yoxdur”

“Avropa İttifaqı Şurasının sədri ilə mətbuat konfransında Ermənistan prezidenti Azərbaycanın demokratiyadan uzaq olduğunu dedi. O, demokratiya haqqında danışa bilməz, çünki 2008-ci ildə əvvəlki prezident tərəfindən, sadəcə, təyin edilmişdi. Baxmayaraq ki, guya seçkilər keçirmişdilər”.

 

APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Donald Tuskla keçirdiyi mətbuat konfransında deyib.

 

Dövlət başçısı xatırladıb ki, Ermənistanda 2008-ci ildə keçirilən “seçkilər”də insanlar qətlə yetirilib. Prezident bildirib ki, belə olan halda, Serj Sarkisyan bu haqda, ümumiyyətlə, heç danışmamalıdır. Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaq məsələsinə gəldikdə, prezident hesab edir ki, bu ittihamın Azərbaycan tərəfindən gəlməsi daha təbii görünərdi. Çünki beynəlxalq ictimaiyyət aydın şəkildə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalıdır: "Hazırda biz danışıqlar formatı üzərində müzakirə aparırıq ki, münaqişənin dinc yolla həllinə nail olaq. Lakin münaqişənin məhz səbəbləri yaddan çıxarılmalı deyil. Erməni separatçıları Dağlıq Qarabağda Ermənistan tərəfinin dəstəyi ilə Azərbaycana qarşı təcavüzə başladılar və münaqişənin ilk qurbanları azərbaycanlılar oldu. İşğal etnik təmizləmə siyasəti ilə, Xocalıdakı soyqırımla nəticələndi. Azərbaycan ərazisinin 20 faizi işğal altında düşdü və biz bu işğalın nəticələri ilə üzləşdik. Və çox aydın şəkildə görünür ki, Azərbaycan ərazisinin böyük bir hissəsi Ermənistanın işğalı altındadır. Oradan azərbaycanlılar qovulub. Onlar bizim tarixi, dini abidlərimizi yerlə yeksan ediblər. Yeri gəlmişkən, bunlar ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında öz əksini tapıb. İndi isə onlar Azərbaycanı ittiham edirlər ki Azərbaycan blokada tətbiq edir. Azərbaycanı ksenofobiyada ittiham edirlər. Azərbaycan Ermənistandan fərqli olaraq, çoxmillətli, çoxkonfessiyalı ölkədir. İndiki dünyada necə ola bilər ki, bir ölkənin əhalisinin 99 faizi bir millətə aid olsun? Lakin Azərbaycan qürur hissi ilə qeyd edir ki, çoxmillətli ölkədir. Azərbaycan bundan fərəhlənir. Azərbaycanda bütün dinlərin, konfessiyaların nümayəndələri yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır".

 

Prezident bir daha qeyd edib ki, təcavüzə məruz qalanla təcavüzkar arasında fərq qoyulmalıdır: “Təcavüzkar ədalət məhkəməsi qarşısında cavab verməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi qəbul olunub. Bu qətnamələrdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbi qeyd olunur. İşğala, təcavüzə heç bir əsaslandırılma verilə bilməz. Ermənistan bu reallığı nə qədər tez anlasa, o qədər onların özləri üçün yaxşı olar. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü regional əməkdaşlıqdan, Azərbaycandan, qonşularından təcrid edir. Bunun nəticəsində Ermənistanda hərtərəfli yoxsulluq baş verir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı səviyyədə yaşayır. Bu təcavüzün, işğalın nəticəsidir. Ermənistan rəhbərliyinin uzaqgörənliyi varsa, nəhayət, anlayacaq ki, qonşuları ilə münasibətlər normallaşdırılmasa, Ermənistanın gələcəyi sual altında olacaq”.

 

Avropa İttifaqı Şurasının sədri Donald Tusk isə çıxışında bildirib ki, onun üçün və Avropa İttifaqı üçün Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir. O, iki gün öncə Ermənistanda bunu aydın şəkildə bəyan etdiyini bildirib: “Bizə sülh yolu ilə həll lazımdır. Bunun alternativi yoxdur. Dinc yolla məsələnin həllinin alternativi yoxdur. Fikrimcə, biz nəinki hərbi əməliyyatlardan, həmçinin radikal tondan, düşmənçilik və ədavətə əsaslanan bəyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar Dağlı Qarabağ məsələsinin həllinə xidmət edən məqamlar deyil. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki münaqişələr bizə qətiyyən lazım deyil. Ukraynada baş verən hadisələr bu cür siyasətin, ideologiyanın, münasibətin ən açıq nümunəsidir. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunu dəstəkləyir. ATƏT-in göstərdiyi səylər münaqişənin həlli ilə bağlı müəyyən edilmiş beynəlxalq formatı təşkil edir. Biz ümidvarıq ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin göstərdiyi səylər sülhün bərpası üçün əsas olacaq. Biz prezidentlər bunu müzakirə etdik".

Müəllif | Apa.Tv
Apa.tv