AZAL biletlərin ucuzlaşmasına aydınlıq gətirdi
"Aviabiletlərin qiymətləri elə səviyyədə olmalıdır ki, çəkilən xərc maya dəyərini qarşılasın".
APA TV-nin xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.
Onun sözlərinə görə, qiymətlərin aşağı salınması bəzi reyslərin bağlanmasına səbəb ola bilər: "Ola bilsin ki, bəzi aviareyslərin biletləri 20%-dən aşağı salınsın. Bu, həmin reyslərin bağlanmasına səbəb olacaq. Əgər bir təyyarə 2 saatdan artıq uçursa və onun biletinin qiyməti 99 avrodan aşağıdırsa, bu, onun xərclərini ödəmir".
AZAL sərnişin aviaşirkətinin direktoru Eldar Hacıyev isə deyib ki, QSC-nin həyata keçirəcəyi lou-kost uçuşlar Moskva, İstanbul, Antalya və Dubaya istiqamətində olacaq. Avqustun 7-dən başlayaraq Türkiyəyə bazar ertəsi, çərşənbə və cümə günləri aşağı büdcəli uçuşlar təşkil olunacaq.
"AZAL 2006-cı ildən avrozonaya daxil edildiyindən, qiymətlər avro ilə hesablanır. Buna görə lou-kost uçuşlar üçün qiymətlər avro ilə hesablanacaq. 99 avroluq qiymət 2 saat yarım gəliş və 2 saat gediş olan uçuşlar üçündür. Turoperatorlar da avqustun 1-dən bu sistemdən istifadə edə biləcək", - deyə o qeyd edib.
Eldar Hacıyevin sözlərinə görə, lou-kost uçuşlardan istifadə edən sərnişinlər yalnız əl yükü (5 kq - red.) götürə biləcəklər: "23 kiloqrama qədər olan baqajlar üçün 50 manat ödəniləcək. Məsələn, Türkiyədən Bakıya uçan sərnişinlər baqaj üçün 50 ABŞ dolları ödəyəcək. Bura qidalanma daxil deyil. Ancaq bu cür uçuşlardan istifadə edənlərə su veriləcək. Bu səfərlərdən istifadə etmək bəlli kateqoriyada olan insanlara sərf edəcək. Yük aparmayan şəxslərə bu cür uçuşlar sərf edir".