Milli mətbuatın 140 illiyi münasibətilə təntənəli tədbir keçirildi

İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət nümayəndələri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə çox geniş müzakirə aparılıb: "Prezident Azərbaycan mediası ilə bağlı fikirlərini, düşüncələrini açıqladı, habelə medianın qarşısında duran vəzifələri, Azərbaycan mediasının dünyadakı yeri və rolu, jurnalistlərin iqtisadi, mənəvi və digər problemlərini təhlil etdi, öyrəndi. Mətbuat Şurasının üzvləri ilə bu məsələlər müzakirə olunub və bu məsələlərlə bağlı müəyyən qərarlar qəbul olunub. Prezident bunu dünənki çıxışında xüsusi qeyd etdi. Dövlət başçısı onu da vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir".

 

Tədbirdə Azərbaycan mətbuatının keçdiyi yola həsr olunmuş filmin nümayişindən sonra prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş jurnalistlərə fəxri adların və medalların təltif olunması mərasimi keçirilib.

 

Mükafatları Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə “UBM Group” şirkəti tərəfindən Bakı-2015 Birinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görə mükafatla təltif edilib. Əli Həsənov həm də “PAŞA Bank”ın Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə xüsusi mükafatına layiq görülüb.

 

Daha sonra Mətbuat Şurasının Ali Media Mükafatı təqdim olunub. Ali Media Mükafatının birincisi dərəcəsi üzrə qalib "Kaspi" qəzeti elan edilib.

 

Daha sonra KİV DF-nin jurnalistlər üçün təşkil etdiyi fərdi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb və “Bakcell” şirkətinin jurnalistlər üçün xüsusi bayram hədiyyələri təqdim olunub.

 

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

 

Müəllif | Apa.Tv