Ağdamda 8000 il yaşı olan yaşayış evi tapıldı

Arxeoloqlar Ağdamda yaşı 8 min ilə yaxın abidə aşkarlayıblar.


APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qədim yaşayış məskəni artıq dördüncü mövsümdür qazıntı işləri aparılan İsmayılbəy təpəsində müəyyən edilib.

 

Qarabağ arxeoloji ekspedisiyasının  rəhbəri Xaqani Alməmmədovun sözlərinə görə, qazıntılar zamanı üzə çıxan qalıqlar belə deməyə əsas verir ki, burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün yenilikdir.

 

Qazıntılar zamanı hündürlüyü 3.40 metr, diametri 5.4 metr olan yaşayış evindən həm də 4 ədəd təsərrüfat küpü, 1 uşaq qəbri və 200 ədəd sapand daşı üzə çıxıb.

 

X.Alməmmədov deyib ki, qazıntı işlərindən müxtəlif analizlər götürülüb və müəyyən edilib ki, abidə bizim eradan əvvəl 5700 il öncəki dövrü əhatə edir.

 

Arxeoloq onu da bildirib ki, İsmayılbəy təpəsində dörd mövsüm ərzində 400 kvadratmetrlik ərazidə qazıntı işləri aparılıb və buradan Qafqaz arxeologiyası üçün çox mühüm nümunələr aşkarlanıb.

 

Arxeoloqlar hesab edirlər ki, bu ərazidə qazıntı işlərinin bundan sonra da davam etdirilməsinə ehtiyac var. Çünki əsasən neolit dövrünü əhatə edən İsmayılbəy təpəsi tarixi abidəsi zəngin arxeoloji tapıntılarla zəngin abidə kimi  tanınır.

 

Müəllif | Apa.Tv