Türkiyədən anti-İŞİD əməliyyatı: Suriyadakı hədəflər bombalandı

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr “İŞİD”in Suriya ərazisindəki mövqelərini bombardman edib.

 

APA-nın xəbərinə görə, iyulun 23-də Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində İŞİD terrorçularının atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun həlak olması və 2 əsgərin yaralanmasından sonra Türkiyə terror qruplaşmasına qarşı əks zərbələr endirməyə qərar verib.

 

İyulun 24-də yerli vaxtla saat 03.12-də Diyarbəkirdəki hərbi aerodromdan havaya qalxan 3 ədəd “F-16” təyyarəsi saat 03.40 - 03.53 arasında Suriyada İŞİD-ə aid 3 hədəfi bombalayıb.

 

Əməliyyatla bağlı Türkiyə hökuməti rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, hərbi təyyarələr tərəfindən Suriya ərazisində daha əvvəl müəyyənləşdirilmiş hədəflərə - İŞİD-in 2 qərargahı və 1 toplanış məntəqəsinə lazer tuşlayıcısı olan 4 raket atılıb. Təyyarələr daha sonra bazaya qayıdıb. “Türkiyə Cümhuriyyəti dövləti öz milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməkdə qərarlıdır. Hökumət və müvafiq qurumlar ictimaiyyəti ardıcıl olaraq məlumatlandırmağa davam edəcək”, - deyə hökumətin açıqlamasında qeyd olunub. 

 

Əməliyyat İŞİD-in Türkiyə sərhədi yaxınlığında qüvvə cəmləşdirməyə başladığı barədə məlumat əldə edildikdən sonra başlayıb. Təyyarələr bombardman zamanı Suriya hava məkanına keçməyib və İŞİD hədəfləri Türkiyə ərazisindən vurulub. Əməliyyat barədə İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiyadakı müttəfiq dövlətlərə məlumat verilib.

Müəllif | Apa.Tv
Apa.tv