İstanbulda anti-terror əməliyyatı: qadın terrorçu öldürüldü
Türkiyənin İstanbul şəhərində 5 min polisin cəlb edildiyi geniş anti-terror əməliyyatı keçirilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, əməliyyat zamanı qadın terrorçu öldürülüb.
Əməliyyatı İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi (TEM) 5 min polisin iştirakı ilə 5 ayrı bölgədə keçirib.
Suruçda yaşanan terror aktının ardından terror təşkilatlarının küçələrdə qarışıqlıqlar törətməsi polisi hərəkətə keçirib. Terrorla Mübarizə Şöbə Müdirliyi hadisələrin böyüməsinin qarşısını almaq üçün genişmiqyaslı əməliyyat keçirmək qərarı alıb. Çevik Qüvvələr, Özəl Hərəkət, Hava və digər şöbə müdirliklərinin də dəstəyi ilə yüzlərlə ünvana sübh tezdən basqın edilib. Polisin hədəfində İŞİD, PKK-nın gənclik qrupunun üzvləri olduğu bildirilir.
Bağcılar səmtində bir ünvana daxil olan polislərə atəş açılıb. Buna qarşılıq verilib və terrorçu məhv edilib. Vurulan qadın-terrorçunun DHKP/C üzvü olduğu iddia olunur.
Terrorla Mübarizə Şöbə Müdirliyinin 200-ə yaxın şübhəlini saxlaması üçün başladığı əməliyyat təxminən bütün rayonları əhatə edib. Həbs olunanlar tibbi yoxlanışdan keçirildikdən sonra İstanbul Əmniyyət Müdirliyinə götürülüb.