Günəş kremləri: hansını seçməli? - XÜSUSİ REPORTAJ
İsti yay günlərində hər birimizin qaçıb getdiyi bir məkan var - dəniz. Dənizi çox sevirik və bütün günümüzü burada keçirməyi çox istəyirik. Amma mütəxəssislər bunu məsləhət görmür. Onlar yalnız müəyyən olunmuş vaxtda dənizə gəlməyi tövsiyə edir.
Kosmetoloq Nura Əzizi deyir ki, Günəşin pik vaxtları əsasən saat 10-16 radələrindədir: "Bu saatlar ərzində insanlar açıq günəş şüaları altında qalarlarsa, dəri qızarmalarına, dəri yanmalarına gətirib çıxara bilər. Məsləhətim budur ki, saat 10-dan daha tez və 16-dan daha gec açıq günəş şüalarında qalsınlar".
Günəş şüasının bir çox effektiv yönləri olsa da, mənfi fəsadları da var. Dənizə getməzdən əvvəl mütləq dəriyə günəşdən qoruyucu kremlər çəkmək lazımdır. Onun sözlərinə görə, bu kremləri dəriyə saat yarım (1-30 dəqiqə) əvvəl çəkmək lazımdır. Bəs dənizə gedənlər buna əməl edirlərmi?
- Dəniz kremlərindən istifadə edirəm, hal-hazırda adlarını bilmirəm.
- Bədən kremlərindən istifadə eləmirəm. Xoşum gəlmir kremlərdən. Bir dəfə yandırmışdı üzümü. Çəkmək lazımdır. Mən də hərdənbir istifadə edirəm dəniz kremindən. Öz ölkəmdə krem istifadə edirəm, amma burda lazım deyil. Dünən getdim dənizə, kremə ehtiyac yox idi. Çıxanda zatən kremli idim.
- Dəniz kremlərindən istifadə eləmirəm. Bizim o dərəcədə təcrübəmiz yoxdur ki, gedək krem alaq. Heç elə insan var ki, dənizə gedəndə dəniz geyimini aparmır. Necə gəldi, çimir.
Kosmetoloq deyir ki, günəş şüalarına çıxmazdan öncə hər kəs mütləq ən az 15 faiz "SB Faktor"dan istifadə etməlidir: "Mən ən az 15 faiz deyirəm, amma bu 50, 60, 70 80 qədər olmalıdır. Düzgün istifadə edilməyən "SB Faktor"lar bir çox dəri xəstəliklərinə, qadınlarda hətta dəri xərçənginə gətirib çıxara bilər. Tək "SB Faktor"dan istifadə etmək yetərli deyil. "SB Faktor"u istifadə etdikdən sonra mütləq dəri nəmlənməlidir. Əgər dəri nəmlənməsə, dəridə bir çox quruma, qırışıqlar, ləkələr, allergik reaksiyalar yarana bilər".
Kosmetoloqun sözlərinə görə, dəriyə çəkilmiş günəş kremi bir saatdan bir yenilənməlidir. Çünki su bədənə nüfuz etdikdə, krem dəridən təmizlənir. Əlavə edib ki, "SB Faktor"dan sonra mütləq dəri nəmlənməlidir. Əgər dəri nəmlənməsə, allergik reaksiyaların olması qaçılmazdır: "Ola bilər ki, bir çox insanlarda açıq havada qaldıqdan sonra dəridə yanmalar olur. Evə gəldikdə dəri suluqlanır, qabıq qoyur dəri. Buna görə mütləq uşaq dərisi üçün nəzərdə tutulmuş, kremlərdən istifadə etmək lazımdır. Çox quruma varsa adi evdə istifadə edilən yaşıl çayın dəmi ilə də bədəni silmək olar".
Müsahibimizin dediyinə görə, qara dərili insanlarda yanma riski daha azdır. Ancaq açıq dərili şəxslərdə bu özünü daha qabarıq göstərir: "Belə ki, saçları sarı, gözləri mavi, yaşıl, dəriləri daha bəyaz olan insanlarda yanma riski daha çoxdur. Bronzlaşma riski azdır, amma yanma riski çoxdur. Yəni bu insanlarda çillər meydana çıxa bilər. Xallar böyüyə, daha sonra ləkələr yarana bilər. Bir də xanımların düzgün riayət etmədiyi əsas nüanslardan biri də yay fəslində açıq havada kosmetikadan istifadə etməkdir. Mən bunu qəti olaraq məsləhət görmürəm. Nəyə görə? Çünki kosmetikadan istifadə etdikdə, günəş şüaları dəriyə nüfuz edir, qalıcı ləkələr yarana bilər. Bunun da kosmetoloji və dermatoloji yollarla müalicəsi çox çətindir".
Kosmetoloq onu da deyir ki, dənizə gedərkən mütləq günəş eynəklərindən istifadə etmək lazımdır.