Fransanın Azərbaycandakı səfiri Lənkəranda olub

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye iyulun 24-də Lənkərana rəsmi səfərə gəlib.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının birinci müavini İlqar Dadaşov ali qonağı salamlayaraq ona Lənkəran rayonu, onun əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə, təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurlar haqqında ətraflı məlumat verib.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Paskal Mönye Lənkərana səfərlərinin onda həmişə xoş təəssüratlar oyatdığını, cənub bölgəsinə səfəri çərçivəsində dünən Lerik rayonunda olduğunu diqqətə çatdırıb. Ali qonaq indiyədək Azərbaycan prezidenti İlham Əliyevlə Fransa prezidenti Fransua Olland arasında 6 görüşün keçirildiyini, Azərbaycanın Fransanın strateji müttəfiqi olduğunu, 12 Azərbaycan şəhərinin Fransa şəhərləri ilə qardaşlaşdığını bildirib. Fransanın cənub regionunda yerləşən sahil şəhərlərindən biri ilə Lənkəranın qardaşlaşmasının məqsədəmüvafiq olduğunu söyləyən səfir Lənkəranın gözəl iqlimə, peyzaja, təbiət mənzərələrinə, ətirli çaya malik olduğunu vurğulayaraq, ikitərəfli əməkdaşlıq məsələlərinin zəruriliyindən söz açıb, həmçinin Lənkəranın böyük turizm potensialina malik olduğunu xüsusi qeyd edib.

 

Sonda səfirə yerli ustaların əl ilə toxuduğu Lənkəran xalçası hədiyyə edilib.

 

Qeyd edək ki, Paskal Mönye Lənkəranda Heydər Əliyev Xatirə Parkı ilə tanış olub, fransız dili müəllimlərinin bir qrupunun dincəldiyi yay məktəbinin bağlanışında iştirak edib.

 

Müəllif | Apa.Tv