Ərdoğan: "İstənilən hücuma cavab vermək qüdrətindəyik"
Türkiyə İŞİD-ə qarşı aktiv fəaliyyətə keçir. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi rəsmi Ankaranın onlara İncirlik aviabazasından istifadə etməklə terrorçulara qarşı əməliyyatlar keçirmək üçün tam razılıq verdiyi barədə xəbər yayıb. Amerika təyyarələri bu imkandan Suriya ərazisindəki qruplaşmalara qarşı yararlanacaqlar.
Türkiyə Silahlı Qüvvələri də İŞİD-ə qarşı əməliyyatları genişləndirməyə başlayıblar. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı açıqlama verib. "Türkiyə ona qarşı yönələn istənilən hücuma cavab vermək qüdrətindədir. Bu hücumun kim tərəfindən edildiyinin heç bir fərqi yoxdur. Biz gələcəkdə də baş verə biləcək istənilən neqativ hala cavab verə biləcək gücdəyik. Türk milləti bundan əmin olsun. Son günlər baş verənlər isə bizə hər zaman hazır olmağın vacibliyini başa saldı" deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, Türkiyə-Suriya sərhəd bölgəsində vəziyyət gərgin olaraq qalır. Hazırda Türkiyə tərəfi sərhədə əlavə hərbi güc yığır.