Ulduzların gündüzlər də göründüyü rəsədxanadan XÜSUSİ REPORTAJ
Azərbaycanın regionlarını qarış-qarış gəzən APA TV bu dəfə Şamaxıdadır. Hazırda biz dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Şamaxı Astrofizika Rəsədxanasındayıq. Süjet boyu əsası 1960-cı ildə qoyulan rəsədxananın hazırkı fəaliyyəti, burada quraşdırılan yeni cihaz və qurğular barədə məlumat verəcəyik. Gecə saatlarında isə teleskoplar vasitəsilə qalaktikanı seyr edəcəyik.
Rəsədxana ilə tanışlığa buranın tarixindən başladıq. 1959-cu ildə Astrofizika Sektoru və onun Pirqulu Astronomiya Stansiyasının əsasında Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılan rəsədxana 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu kimi Azərbaycan Elmlər Akademiyasının strukturuna daxil edilir.
Dünyanın ən böyük rəsədxanalarından biri müasir dövrün prioritet problemləri ilə uzlaşdırılmış elmi proqram əsasında fəaliyyət göstərən bu rəsədxanada səma cisimlərinin tədqiqi kimi aktual fundamental məsələlər araşdırılır. Eyni zamanda burada seysmik proseslərin proqnozu, kosmik mühitin, günəş və geomaqnit fəallığının yerüstü texnoloji sistemlərin fəaliyyətinə, insan da daxil olmaqla, bioloji orqanizmlərə təsiri öyrənilir.
Rəsədxananın direktoru Namiq Cəlilov deyir ki, çətin müşahidə edilən Cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanaları ilə müqayisədə bura müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı 190-200-ə çatır. Başqa sözlə desək, mindən artıq dünya rəsədxanası arasında Şamaxı rəsədxanası öz teleskoplarının sayına, çeşidinə, gücünə və bir sıra parametrlərə görə ən önəmli yerlərdən birini tutur.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov deyir ki, burada üç əsas istiqamətdə elmi işlər görülür: "Ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, Günəş fizikası. Günəş fizikası sahəsində əsas elmi nəticələr Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluş əlaqələri üzrə əldə olunub".
1966-cı ildə burada 2 metrlik teleskop quraşdırılıb ki, bu da 3 müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulub.
Havanın tutqun olması səbəbindən biz yalnız bir neçə ən iri planetləri görə bildik. Onlardan ən aydın seçiləni isə Saturn planeti və onun ətrafında olan peyklər oldu.
Rəsədxanada olduğumuz müddətdə onu da öyrəndik ki, əldə olunmuş elmi nəticələr əsasında bir sıra kiçik planetlərə, Marsda və Ayda bir neçə kraterə Azərbaycan mütəfəkkirlərinin, elm və mədəniyyət xadimlərinin adları verilib.
Rəsədxanada təkcə teleskop vasitəsilə səma cisimlərinin müşahidələri aparılmır. Eyni zamanda burada quraşdırılan foto-qurğular vasitəsilə səma cisimlərinin fotosurəti çəkilir. Daha sonra əldə edilən fotolar vasitəsilə daha aydın şəkildə tədqiqat aparılması mümkün olur.
Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılıb. Rəsədxananın direktoru deyir ki, bu sərəncamdan sonra rəsədxananın həyatında yeni əlamətdar mərhələ başlanıb. Nəticə etibarilə Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının möhkəmləndirilib, əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni binalar və qurğular işə salınıb.
Rəsədxananın foyesində xüsusi bir kiçik muzey də bura gələnlərin diqqətini çəkir. Burada vaxtilə rəsədxanada istifadə edilib indi isə tarixə qovuşan cihazlar, xüsusi müşahidə qurğuları hətta 1959-cu ilin noyabrın 24 də Yardımlı rayonuna düşən meteorit də nümayiş edilir. Çəkisi 127 kq olan meteoritin tərkibi dəmir, nikel və kobalt qarışığıdır. Ölçüsü o qədərdə kiçik deyil, lakin, çəkisi ağır olduğundan onu olduğu yerdən qaldırmaq mümkün deyil.
Namiq Cəlilovun sözlərinə görə, dövlət başçısının sərəncamlarından sonra rəsədxananın baş korpusu əsaslı təmir edilib: "Binanın dam örtüyü yeniləşdirilib, su, elektrik, siqnalizasiya, telefon və internet xətləri çəkilişi, daxili divarlara alçipan, xarici divarlara alkapon örtüklərin çəkilişi başa çatdırılıb. Baş korpusun istiliklə təmin edilməsi məqsədilə qazanxana və rəsədxananın girişində keçid məntəqəsi tikilib, rəsədxananın ətrafına hasar çəkilib".
Ümumilikdə Şamaxı Astrofizika Rəsədxanasında 6 teleskop mövcuddur. Bunlardan ikisi Günəşi müşahidə etmək üçün istifadə edilir. Digər 4 teleskop vasitəsilə isə səma cisimlərini - planetləri, ulduzları və peykləri görmək mümkündür.