Qarabağla bağlı beynəlxalq layihəyə yekun vuruldu
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qarabağ probleminin araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün təqaüd proqramının həyata keçirilməsi" adlı layihəni yekunlaşdırıb.
APA TV-nin xəbərinə görə, layihənin nəticələri ilə bağlı təqdimat mərasimi keçirilib.
QAFSAM-ın sədri Araz Aslanlı layihə ilə bağlı məlumat verərək bildirib ki, layihə 2015-ci ilin aprel-may ayları ərzində həyata keçirilib. Əsas məqsəd isə Qarabağ problemi ilə bağlı xarici ölkə tədqiqatçıları tərəfindən yazılmış obyektiv elmi əsər qıtlığının ortadan qaldırılmasına töhfə verməkdir və Azərbaycanın ədalətli mövqeyinin lazımi səviyyədə təbliğ olunmasıdır. Bu məqsədlə təqaüd verilərək dünyanın müxtəlif regionlarındakı ölkələrdən tədqiqatçılar seçilərək onlara elmi məqalələr yazdırılıb və bu məqalələr xarici ölkə KİV-də yayımlanıb: "Vacib şərtlərimizdən biri də bu idi ki, bu elmi məqalələr Azərbaycan və Türkiyə xaricindəki ölkələrin KİV-də dərc olunsun. Layihə çərçivəsində həm böyük elmi məqalələr hazırlanıb, bu elmi məqalələr elmi jurnallarda dərc olunacaq. Amma elmi jurnallarda dərc olunma prosesi bir qədər uzun çəkdiyi üçün biz qərarlaşdırdıq ki, əvvəlcə bu məqalələrin əsasında hazırlanmış daha kiçik həcmli məqalələr gündəlik qəzetlərdə, internet saytlarında dərc olunsun. O da artıq həyata keçirildi. Layihə nəticəsində 6 kiçik həcmli məqalə ortaya çıxmış oldu, Qarabağ problemi ilə bağlı müxtəlif ölkələrdə dərc olundu. Eyni zamanda 6 iri həcmli elmi məqalə hazırlandı ki, onlar da müxtəlif ölkələrdəki elmi nəşrlərdə yayımlanacaq. Bu elmi məqalələr hər ölkənin öz dilində yayımlandı".
Layihə nəticəsində 7 xarici ölkədən olan tədqiqatçı təqaüd proqramında iştirak edərək elmi əsər hazırlayıb və bu əsərlər xarici ölkə KİV-də dərc olunub.
Daha sonra tədbirdə iştirak edən qonaqlar bu layihə haqqında fikirlərini bölüşüb, bu cür addımın təqdirəlayiq olduğunu deyiblər.