Balakən və Qaxda polis reydi: 100-dən artıq sürücü cərimələndi

Yol polisi Balakən və Qax rayonlarında reydlər keçirib.


APA TV-nin məlumatına görə, yollarda baş verən qəzaların qarşısının alınması və yollarda təhlükəsizliyi təmin edilməsi məqsədilə avtomobilin texniki baxışdan keçirməyən, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və əlavə avadanlıqlar quraşdıran sürücülərin aşkar edilməsi istiqamətində Balakən və Qax rayonlarının Dövlət Yol Polisi və DİN-in Baş Dövlət Yol Polisi Alayının əməkdaşları birgə reydlər keçirib.

 

Balakən rayonunda keçirilən reydlər zamanı 100-dən yuxarı avtomobil saxlanılıb. Reydlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən və maşına əlavə avadanlıqlar quraşdıran, sürücülük vəsiqəsi olmadan və içkili vəziyyətdə maşın idarə edən ümumilikdə 70 sürücüyə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq edilib, 20 avtomobil cərimə meydançasına aparılıb.


Qax rayonu ərazisində, Qax-İlisu avtomobil yolunda keçirilən reydlər zamanı isə yol hərəkəti qaydalarını pozan 40-dan çox sürücüyə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tətbiq edilib, bunlardan da 10 sürücü sərxoş halda avtomobili idarə etdiyi üçün maşınları cərimə meydançasına aparılıb.

 
Balakən və Qax rayonlarının DYP bölmələrindən APA TV-yə verilən məlumata görə, rayonlarda bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Müəllif | Apa.Tv
Apa.tv