Şəkidə bir gündə iki nəfəri ilan sancdı: 25 yaşlı oğlan öldü

Şəkidə bir gündə iki nəfəri ilan sancıb, onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb.


APA TV-nin məlumatına görə, iyulun 25-də axşam saat 21:10 radələrində rayonun Turan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Vüqar Şövqü oğlu Əliyev, iyulun 25-dən 26-na keçən gecə isə  rayonun Qayabaşı kənd sakini, 1936-cı il təvəllüdlü Məmməd Qurban oğlu Əliyev ilan sancması ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olublar.

 
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, həkim müayinəsi zamanı məlum olub ki, 25 yaşlı Vüqar Əliyev qəsəbənin inzibati ərazisində moruq yığarkən ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Vüqar Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müalicəsini davam etdirmək üçün Bakıya - Respublika Toksikologiya Mərkəzinə göndərilib. Vüqar Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.


79 yaşlı Məmməd Əliyev isə gecə saatlarında yaşadığı evin həyətyanı sahəsində gəzərkən ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məmməd Əliyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Müəllif | Apa.Tv
Apa.tv