Barak Obama azərbaycanlı fəalla görüşdü

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama İsveçdə yaşayan azərbaycanlı milli fəalla görüşüb. Görüş prezidentin Sankt-Peterburqda “Böyük iyirmiliyin” zirvə görüşündən qayıdarkən İsveçə qısamüddətli səfəri zamanı baş tutub. Səfər proqramının sıxlığına baxmayaraq Barak Obama “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” Gənclər Dərnəyinin rəhbəri Siyavuş Derəxti ilə görüşməyə macal tapıb. Siyavuş Dirəxti APA TV-yə müsahibəsində Obama ilə görüşün təfərrüatlarını açıqlayıb və müzakirələrdə əsas ağırlığın antisemitizmə qarşı mübarizə üzərinə salındığını deyib.

 

Bu görüş ABŞ-la gərgin münasibətləri olan İranda da geniş əks-səda doğurub. İran kütləvi informasiya vasitələri bu xəbəri “Obama iranlı gənclə görüşdü” şəklində təqdim ediblər. İsveç vətəndaşı olan azərbaycanlı gənc isə bu dəyərləndirməyə etiraz edir.

 

Siyavuş Dirəxti Azərbaycan türkü olduğunu xüsusi vurğulayır və milli kimliyindən məmnunluq hissi keçirdiyini deyir. Azərbaycanlı olduğunu ABŞ prezidentinə də deyib.

 

Qeyd edək ki, Siyavuş Derəxti tanınmış azərbaycanlı milli fəal Cavad Derəxtinin oğludur.

 

23 yaşlı Siyavuş antisemitizmə qarşı fəaliyyətlərinə görə Raul Wallenberg adına Ali Mükafatla təltif olunub. Bu mükafat Avropa Şurası tərəfindən iki ildən bir insan haqları sahəsində daha təsirli çalışan şəxsə təqdim olunur. 

Müəllif | Apa.Tv