Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirildi

Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, tədbir hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun gənc əsgərləri salamlaması ilə başlayıb.

 

Daha sonra  DSX-nin Şəxsi heyət üzrə Baş İdarəsinin rəisi, general-mayor Azad Ələkbərov şəxsi heyəti və mərasim iştirakçılarını təbrik edib. Andiçmə mərasimində gənc əsgərlərin  valideynləri söz alaraq övladlarına Vətəni göz bəbəyi kimi qorumağı, intizamlı və məsuliyyətli olmağı, komandirlərin əmrlərini canla-başla yerinə yetirmələrini tövsiyə ediblər.

 

DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik teleqramının mətni oxunduqdan sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, gənc əsgərlər Vətənə sədaqət andını qəbul ediblər.

 

Tədbir gənc sərhədçilərin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

 

Müəllif | Apa.Tv