AZAL endirim tətbiq edəcəyi aviareysləri açıqladı

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, “Azərbaycan Hava Yolları” QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib. Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bununla belə, aviabiletlərin qiymətləri ilə bağlı AZAL-ın məlumat bürolarına çoxsaylı müraciətlər daxil olur. Bu məsələyə böyük marağın olmasını nəzərə alaraq, AZAL aviabiletlərin qiymətləri ilə bağlı yenilikləri bir daha əhalinin diqqətinə çatdırır.

 

Dövlət başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunmasına qərar verilib. Bu, AZAL-ın əhalinin daha çox istifadə etdiyi marşrutları üzrə aşağıdakı şəkildə öz əksini tapıb:

 

- Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya (85 avro və ya 21% ucuz),

 

- Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya (58 avro və ya 21% ucuz),

 

- Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya (56 avro və ya 21% ucuz) endiriləcək.

 

Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro (22%), Bakı-Lvov-Bakı üzrə 141 avro (30%), Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro (23%), Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro (21%) və s. endirim tətbiq olunacaq.

 

Bundan başqa, AZAL-ın əksər marşrutları üzrə Turkish Airlines, Aeroflot, Sibir, Flydubai, Ukrayna Beynəlxalq Hava Yolları, Qatar Airways, Air Astana, British Airways, Lufthansa, Belavia və digər rəqib xarici aviaşirkətlər uçuşlar həyata keçirir. Heydər Əliyev Hava Limanında bütün aviaşirkətlər üçün, eləcə də lou-kosterlər üçün bərabər imkanlar yaradılıb. Macarıstanın “WizzAir” şirkətinə gəldikdə, onlara cari ildən mütəmadi reyslərin bərpası üçün 3 il müddətinə xüsusi, güzəştli şərtlər təklif edilib. Hazırda Macarıstan tərəfinin cavabı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv