Müəllimlər İnstitutunun ləğv olunan filialı Sumqayıt Dövlət Universitetinə birləşdirildi
"Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı bu tədris ilindən etibarən öz fəaliyyətini Sumqayıt Dövlət Universitetinin balansında davam etdirəcək". Bunu APA TV-yə açıqlamasında Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib.
Onun sözlərinə görə, təhsil nazirinin sərəncamına əsasən Müəllimlər İnstitutunun Sumqayıt filialı bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilir: "Müəllim və tələbə heyətinin nəzərinə bir daha çatdırmaq istəyirəm ki, heç kim təşvişə düşməsin. Müəllimlər İnstitutunun müəllim və tələbə heyəti bütövlükdə Sumqayıt Dövlət Universitetinin tərkibinə köçürüləcək. Bu zaman həm tələbələr, həm də müəllimlər bir sıra üstünlüklər əldə edəcək ki, bunlardan da birincisi onların bundan sonra filialda deyil, Dövlət Universitetində fəaliyyət göstərmələridir. Bu zaman müəllimlərin maaşında da artımlar olacaq. Tələbələr də ali təhsili bitirdikdən sonra Sumqayıt Dövlət Universitetinin diplomlarını alacaqlar".
Nazirlik rəsmisi deyib ki, hazırda filialda tədris olunan bütün ixtisaslar Sumqayıt Dövlət Universitetinə köçürülüb. Bu isə o deməkdir ki, gələcəkdə qəbul olunan bütün tələbələr akademik borclarını asanlıqla verə biləcəklər. Eyni zamanda tələbələrin alt qruplarda dərslərdə iştirak etmək imkanı olacaq.
Sülhəddin Gözəlov Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı bağlanan gündən tələbə və valideynləri düşündürən təhsil haqqı məsələsinə də aydınlıq gətirib: "Bu məsələ də qanunvericiliyin tələblərinə uyğun şəkildə öz həllini tapacaq. Valideynlər və tələbələr heç biri narahat olmasınlar. Hər bir tələbə qəbul olunduğu ixtisasın həmin ilə uyğun təhsil haqqını ödəyəcək. Bu onların vətəndaşlıq və konstitusion haqlarıdır. Tələbələrin bütün hüquqları qorunacaq".
Sərəncama əsasən filialdan Sumqayıt Dövlət Universitetinə köçürüləcək müəllimlərin hansı qaydalar əsasında yerləşdirilməsinə gəlincə, Sülhəddin Gözəlov deyir ki, bu məsələ optimal variant əsasında öz həllini tapacaq: "Sumqayıt Dövlət Universitetinin inzibati idarəetmə strukturu var. Köçürülmə prosesi zamanı eyni adlı strukturlar - kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və ya kafedra müdirləri, eləcə də prorektorlar və s. bunlar Sumqayıt Dövlət Universitetinin inzibati idarəetmə strukturunun optimallaşdırılması baxımından həll olunacaq. Filialda işləyib həmin vəzifəni daşıyan şəxslər də işsiz qalmayacaq".
Nazirlik rəsmisi bir daha əminliklə bildirib ki, filialda fəaliyyət göstərən müəllimlərin Sumqayıt Dövlət Universitetinə köçürülməsi zamanı heç bir ayrı-seçkiliyə yol verilməyəcək. Elmi dərəcəsindən və ya iş stajından asılı olmayaraq hər bir müəllim işlə təmin ediləcək.
Xatırladaq ki, prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib.