“Sovetski” sakinlərinə yeni mənzillər verildi

Bakının “Sovetski” kimi tanınan ərazisində sahəsi 25 kv. m-dən az olan evlərin sahiblərinə Nərimanov rayonunda sahəsi 45 kv. m olan mənzillərin açarları təqdim edilib.

 

APA TV-nin xəbərinə görə, yeni mənzil alan ailələrin sayı 200 nəfər olub.

 

Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov bildirib ki, yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin istəkləri nəticəsiz qalmayıb. Sahəsi 25 kvadrat metr və daha az olan yaşayış sahələri Nərimanov rayonunda Fətəli xan Xoyski küçəsi, 98 a ünvanında 104 mənzilli və Koroğlu küçəsi, 9 ünvanda 96 mənzilli yaşayış binasında 2 otaqlı tam təmirli mənzillərlə əvəzlənib. Yeni mənzillərin verilməsi bu məqsədlə yaradılmış Komissiyanın apardığı araşdırmaların nəticələrinə uyğun olaraq digər yaşayış sahələri olmayan, daha çətin mənzil şəraiti olan sakinlərə şamil edilib.

 

Səməd İslamov qeyd edib ki, iyulun 23-də Nərimanov rayonu İcra Hakimiyyətində ilk 93 nəfərə mənzillərin verilməsi baş tutub. Mənzillərin bölüşdürülməsi isə tam şəffaf şəkildə sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirilib.  

 

Daha sonra yeni yaşayış binasının açılışını bildirən rəmzi lent kəsilib və sakinlərə yeni mənzillərin açarları təqdim edilib.

 

Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov mənzillərin yüksək keyfiyyətlə təmir olunduğunu və yeni mənzillərin sahələrinin "Sovetski"dəki mövcud mənzillərin sahələrindən 2-3 dəfə böyük olduğunu bildirib: "Dövlət tərəfindən bu bina əsaslı təmir edildi. Mənzillərin paylanması prosesləri sakinlərin gözü qarşısında püşkatma şəraitində aparılıb. Və şirkətin hədiyyəsi olaraq 95 mənzildən bir mənzil bütün avadanlıqları ilə hədiyyə verilib. Bu isə bir ailəyə qismət olub".

 

Keçmiş "Sovetski" sakini Mina Əliyeva: "Mən təşəkkür edirəm ki, bu şəraiti bizə yaratdılar. Bizim bəxtimizə təmirli və bütün avadanlıqları olan ev düşdü. Bizim ailəmiz çox acınacaqlı şəraitdə yaşayırdı. Bu gün mən sevincimi hər kəslə bölüşürəm. Bu şəraiti bizə yaradan hər kəsə, prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdarıq".

 

Qeyd edək ki, sözügedən yeni bina bir neçə il əvvələ kimi Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanası olub. Burada qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb. Lakin ötən il həmin ailələr Mehdiabadda yeni tikilən şəhərciyə köçürüldüyündən, yataqxana yenidən əsaslı təmir edilib və hazırda Sovetski adlanan ərazisində sahəsi 25 kv. m-dən az olan evlərin sahiblərinə verilib.

Müəllif | Apa.Tv