Bərdədəki Şortəpə abidəsində yeni maddi-mədəniyyət nümunələri tapıldı
Bərdə rayon mərkəzindən 5 kilometr aralıda yerləşən Şortəpə abidəsində arxeoloji tapıntılar üzə çıxıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Bərdə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı bizim eradan əvvəl VII əsrə aid olduğu ehtimal edilən müxtəlif növ əşyalar aşkarlanıb.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə ekspedisiyasının rəhbəri, professor Arif Məmmədovun sözlərinə görə, arxeoloji tədqiqatlar nəticəsində 4 metr enində qala divarları, b.e.ə. VII əsrlərə aid olan maddi-mədəniyyət nümunələri müəyyən edilib.
Arxeoloq bildirib ki, bir neçə il bundan əvvəl Şortəpə abidəsində aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlinib ki, b.e.ə. I minilliyin ortalarında Bərdə artıq yüksək inkişaf etmiş yaşayış yeri olub. O qeyd edib ki, sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması nəticəsində Bərdə şəhəri meydana gəlib: "Bu prosesin b.e.ə. II minilliyin ortalarında baş verdiyini nəzərə alsaq, şəhərin yaşının 3000 ildən az olmadığı bir daha təsdiqlənir. Qazıntılar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olur. Üst təbəqə IX-X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrədək, 3-cü təbəqə bizim eradan əvvəl VII əsrdən bizim eranın III yüzilliyinə qədər olan dövrü əhatə edir".