"Barcelona"ya ağır cəza: dövlət himnini fitə basmaq baha başa gəldi
İspaniyanın zorakılıq, irqçilik, ksenofobiya və dözümsüzlüyə qarşı dövlət komissiyası "Barcelona" klubunu cərimə edib.
APA TV-nin məlumatına görə, "Barcelona" İspaniya Kubokunun finalında Bilbao "Atletik"inə qarşı keçirilən oyunda İspaniya himninin fitə basılmasına görə 6 min avro cərimələnib.
Mayın 30-da "Nou Kamp" stadionunda VI Filippin dövlət başçısı kimi izlədiyi oyundan əvvəl azarkeşlər ölkə himnini fitə basıblar.
Oyun "Barselona"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Atletik"in təmsil etdiyi Basklar ölkəsi və "Barcelona"nın təmsil etdiyi Kataloniya İspaniyanın muxtariyyət tələb edən əraziləridir. Bu bölgələrin əhalisinin əhəmiyyətli hissəsi İspaniyadan ayrılmağın tərəfdarıdır.
"Barcelona" oyunda təhlükəsizliyin təmin edilməməsinə də görə 60 min avro məbləğində cərimə edilib. Kataloniya klubu dövlət komissiyasının qərarını ədalətsiz hesab edir və şikayət vermək niyyətindədir.
İspaniyanın Futbol Federasiyası (RFEF) oyunun təşkilatçısı kimi 123 min avro cərimələnib.
"Atletik" isə qadağan edilmiş siyasi aksiyaların qarşısının alınması uğrunda mübarizədəki fəaliyyətsizliyə görə 18 min avroluq cərimə ilə cəzalandırılıb.