İŞİD 120-dən çox girovu edam etdi
İŞİD terror təşkilatı İraqın Mosul şəhərində azı 120 nəfəri edam edib, 350-dən çox adamı girov götürüb.
APA TV-nin xəbərinə görə, bu barədə DPA agentliyi əyalətlərdən birinin qubernatoru Asil ən-Nəcəfiyə istinadən məlumat yayıb.
Qubernatorun fikrincə, vəhşiliklərin çoxalmasına İŞİD-ə qarşı nifrətin artması və terrorçuların bununla barışmaması səbəb olur: “Əhali arasında İŞİD-i rədd edənlərin sayı artdıqca, edam və girov götürmə hallarının sayı da dayanmadan artır”.
Məlumata görə, edam olunan şəxslər başlarından güllələnərək qətlə yetiriliblər. Edam olunanlar arasında uzun müddət girovluqda saxlanılan şəxslərin də olduğu bildirilir.
Qubernatorun sözlərinə görə, girovların əksəriyyəti polis zabitləri, hərbçilər, seçki komissiyalarının işçiləri və sabiq deputatlığa namizədlərdir.