Azərbaycanda törə cinayəti: bacısının keçmiş nişanlısını güllələdi

Yardımlıda qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə iyulun 27-də saat 22.00 radələrində rayonun ucqar Perimbel kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini Firuz Mirziyad oğlu Rzayev qısqanclıq zəminində bacısının nişanlısı olmuş həmkəndlisi, 31 yaşlı Vüqar Mirqiyas oğlu Xurşudovu ov tüfəngi ilə ürək nahiyəsindən iki dəfə atəş açmaqla güllələyərək qətlə yetirib.

 

İlkin məlumata görə, ailələr arasında münaqişə nişanın pozulmasından sonra yaranıb. Belə ki, nişanlı olan Vüqar Xurşudovun başqası ilə ailə qurması ailələr arasında ədavətə səbəb olub. Vüqar ailə qurduqdan sonra bir neçə il kəndə qayıtmayıb. Nəhayət, illər sonra o, kəndə dönüb və keçmiş nişanlısının qardaşı Firuz Rzayev Vüqar Xurşudovdan qisas almaq qərarına gəlib.

 

Hadisəni törədən Firuz Rzayev rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv