Türkiyə Suriyada türkmən ordusu yaradır

Türkiyənin Suriya və İraqda İŞİD-ə qarşı başladığı hərbi əməliyyatlar fonunda Ankarada sürpriz bir toplantı keçirilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriyada terrorçulara və Əsəd rejiminə qarşı vuruşan 20 türkmən silahlı birləşməsinin lideri MİT-in koordinatorluğu ilə Türkiyə paytaxtında bir araya gəlib. Məqsəd 5 min nəfərdən ibarət türkmən ordusunun təşkil edilməsidir. Türkiyə ilə əməkdaşlıq edəcək ordu bölgədə etnik təmizləməyə qarşı mübarizə aparacaq.


Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, artıq ölkə sərhədlərində İŞİD görünməyəcək. "Bunu necə gerçəkləşdirəcəyimizin açıqlamasını verə bilmərik" - deyə hökumət rəhbəri bildirib.


Suriyanın şimalında və Hələb şəhəri ətrafında möhkəmlənən türkmən dəstələrinin "Sultan Murad", "Müntasir Billah", "Sultan Mehmet" kimi hərbi bölüklərinin təmsilçiləri bölgədə yeni yol xəritəsinin istiqamətini müəyyənləşdiriblər.

 

ABŞ-ın "təlim keç və döyüşə cəlb et" layihəsinin iflasa uğramasının ardından yeni proyektlərə ehtiyac yaranıb. Bu proyektin başında isə Türkiyənin dəstək verdiyi Birləşmiş Türkmən Ordusu gəlir. Türkmən ordusu İŞİD-dən təmizlənəcək ərazilərdə idarəçiliyi ələ alacaq və bölgədə nüfuz sayının dəyişdirilmə təhlükəsinin qarşısını alacaq.


Hazırda Türkmən ordusunun təşkil edilməsində birinci mərhələ başa çatıb. Əhməd Arnavut orduya baş komandan təyin edilib. Onun müavinliyinə Tarık Solak adlı şəxs gətirilib. Bundan əlavə, Başşar Molla xarici əlaqələr üzrə müşavir, Ömər Abdullah və Adil Orli isə döyüş komandirləri təyin ediliblər.


Hələb şəhəri yaxınlığında döyüşən məhəllə silahlı dəstələrinin isə "Sultan Murad" birliyində toplanacaqları gözlənilir. Birləşmiş Türkmən Ordusu Suriyadakı Türkmən dağında quruluşunu xüsusi mərasimlə dünyaya elan edəcəyini açıqlayıb.


Yeni yaradılan ordu ilk hədəfini də açıqlayıb. Bu, Əsədin nəzarətində olan Lazkiyə bölgəsidir.

Müəllif | Apa.Tv
Apa.tv