Sədaqət Qəhrəmanova: "Məişət zorakılığının qurbanları olan qadınlar haqda xəbərlərin yayımlanması yolverilməzdir"

Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyinə həsr olunmuş “KİV-də qadın və uşaq problemləri” mövzusunda dəyirmi masa keçirilib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə baş tutan tədbirdə komitənin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Milli Mətbuatının keçdiyi tarixi dövrə nəzər salıb.

 

O bildirib ki, Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə əsasını qoyduğu “Əkinçi” qəzeti həqiqət carçısı olub. Komitə ilə media arasında əlaqələrin möhkəmləndiyini deyən Sədaqət Qəhrəmanova televiziyalarda məişət zorakılığının qurbanları olan qadınlar haqda xəbərlərin yayımlanmasının yolverilməz olduğunu vurğulayıb.

 

Azərbaycanda mediaya dövlət dəstəyindən danışan Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev gələcəkdə Azərbaycanda uşaq televiziyasının yaranmasının gündəmdə olduğunu deyib.

 

Sonda Komitə ilə sıx əməkdaşlıq edən jurnalistlər təltif olunublar. Təltif olunanlar arasında “APA Holding”in əməkdaşı da var.

 

Müəllif | Apa.Tv