AMEA-da “Sosial media və milli dəyərlər” mövzusunda təlimlər başladı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında akademiyanın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin  təşkilatçılığı ilə “Sosial media və milli dəyərlər” mövzusunda 4 günlük təlimlər başlayıb.

 

APA TV-nin məlumatına görə, AMEA İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev bildirib ki, təlimlər çərçivəsində iştirakçılara sosial şəbəkələrdən səmərəli və düzgün istifadə, milli dəyərlərin qorunması üçün atılması lazım olan addımlar barədə məlumatlar veriləcək.

 

Baba Əliyev deyib ki, müxtəlif sosial şəbəkələrdə Azərbaycanı, milli-mənəvi dəyərlərimizi gözdən salmağa çalışan qruplar var və bu qruplara qarşı effektiv mübarizə aparmaq üçün belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir.

 

Tədbirdə çıxış edən AMEA Mərkəzi Kitabxanasının rəhbəri Leyla İmanova, internet media üzrə mütəxəssis Ellada Mustafayeva və başqaları layihənin əhəmiyyətindən danışıblar, gənclərin maarifləndirilməsi işində mühüm rolu olan belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

 

Qeyd edək ki, təlim Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv