Barak Obama Azərbaycan prezidentinə məktub göndərib

Prezidenti İlham Əliyev sentyabrın 9-da ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorliki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyms Uorlik Amerika prezidenti Barak Obamanın məktubunu dövlət başçısına təqdim edib. ABŞ prezidentinin məktubunda deyilir: “Bakıya ilk rəsmi səfəri münasibətilə ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni həmsədri təyin olunmuş səfir Ceyms Uorlikə tam dəstək verdiyimi sizə çatdırmaq istərdim. Onun bu yaxınlarda təyin olunması tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin güclü göstəricisidir”.

 

 

Barak Obama səfir Uorlikin zəngin diplomatik təcrübəsinin və Azərbaycanın irəliləyişə nail olmaq arzusunun həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcəyinə ümid etdiyini bildirib. SİTAT: “Mən gələn aylar ərzində Ermənistanla birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm. Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib”.

 

Ceyms Uorlik ABŞ prezidentinin Əfqanıstan və Pakistan münaqişələrinə dair xüsusi nümayəndəsi olub. Eyni zamanda o, ABŞ-Əfqanıstan danışıqları zamanı baş məsləhətçi kimi fəaliyyət göstərib. 2009-2012-ci illərdə isə ABŞ-ın Bolqarıstandakı səfiri və Dövlət Departamentində müxtəlif yüksək postlar tutub.  

 

 

Müəllif | Apa.Tv
Apa.tv