Səlim Müslümov Xaçmazda vətəndaşları qəbul etdi
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Xaçmaz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərini qəbul edib.
APA TV-nın şimal bürosunun xəbərinə görə, vətəndaşlar əsasən minik avtomobilləri və mənzil, bərpa-müalicə xidməti, reabilitasiya vasitələri, iş yeri ilə təmin olunma, zərərə görə ödəncin verilməsi, əmək hüquqlarının təminatı və s. məsələlərlə əlaqədar müraciət ediblər.
Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll edilib, ayrı-ayrı şəxslərə münasib iş yerlərinə göndərişlər verilib. Səlim Müslümov həmçinin bir sıra imtiyazlı vətəndaşların reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunmasını tapşırıb.
Nazir bir sıra vətəndaşların müraciətlərinə uyğun olaraq onların minik avtomobilinə tibbi göstərişin olub-olmamasının müəyyənləşdirilməsi üçün müvafiq müayinəyə cəlb olunmasını tapşırıb. Qəbul zamanı ünvanlı dövlət sosial yardımı və əlillik təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib. Həmin müraciətlərin diqqətlə araşdırılaraq cavablandırılması, habelə əlillik təyin olunması üçün müraciət edən şəxslərin tibbi-sosial ekspertiza müayinələrinə cəlb olunaraq müvafiq qərarlar qəbil edilməsi tapşırılıb
Qəbul zamanı nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.