Lerikdə 3000 illik tarixi olan maddi-mədəniyyət nümunələri tapıldı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə səyləri ilə Lerik rayonunun Monidigah kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı 3000 illik tarixə malik daş qutu qəbirlər aşkar edilib.
Bu barədə APA TV-nin cənub bürosuna AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji abidələrin külliyyatı şöbəsinin rəhbəri, Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyasının və Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəisi Abuzər Ələkbərov məlumatı verib.
Onun sözlərinə görə, aşkar olunan kompleksdə həm daş qutu-qəbirlər, həm də son tunc ilk dəmir dövrünə aid 3000 illik tarixi olan dolmenlər, yəni yaşayış məskəni mövcuddur: "Əvvəlki illərdəki qazıntılarda ya qəbirlər aşkar olunub, ya da yaşayış yerlərinin əlamətlərinə rast gəlinib. Amma burada biz bunların üçünü bir yerdə aşkarlamışıq".
Abuzər Ələkbərovun dediyinə görə, XIX əsrin sonlarında həvəskar fransız arxeoloqu Jak De Morqan və qardaşı Henri Morqan Lerik rayonu ərazisində arxeoloji kəşfiyyat işləri aparıblar. Həmin işlərin nəticəsi olaraq son tunc və ilk dəmir dövrünə aid daş qutu qəbirlər və xeyli miqdarda arxeoloji materiallar üzə çıxarılıb. Tapılan materiallar, o cümlədən keramika məmulatları, bəzək əşyaları, silahlar və s. Fransaya aparılıb və hazırda Sen-Jermen muzeyində mühafizə olunmaqdadır.
Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji Ekspedisiyası 2011-ci ildə Fransa tərəfinin təşəbbüsü ilə yaradılıb. Məqsəd bir növ Morqan qardaşlarının apardığı işi davam etdirməkdən ibarətdir. Ötən 4 il ərzində Morqanın vaxtilə gəzdiyi Lerikin bütün kəndlərinin əraziləri tədqiq olunub. Bu ərazilərdə yeni daş qutular aşkar edilib. Amma çox təəssüf ki, onların əksəriyyəti dağıdılıb. Maraqlıdır ki, Monidigah kəndində təkcə bir dolmenin içərisindən 200-dən çox maddi mədəniyyət nümunəsi, o cümlədən saxsı qablar, bəzək əşyaları, silahlar, məişət avadanlıqları və s. üzə çıxarılıb. Tapıntıların hamısı səliqə ilə toplanaraq xüsusi qablara yerləşdirilib.
Fransa tərəfdən ekspedisiyaya rəhbərlik edən professor Mişel Kazanova APA TV-nin cənub bürosuna bildirib ki, Monidigahda tapılmış maddi-mədəniyyət nümunələri Fransaya aparılaraq laboratoriya şəraitində müayinə olunacaq: "Onların arasında maraq doğuran materiallar az deyil. Ümid edirik ki, həmin materiallar Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edəcək".
Abuzər Ələkbərovun sözlərinə görə, bu ilin sonlarında Paris, Bakı və Tiflisdə, layihədə nəzərdə tutulduğu kimi, beynəlxalq sərgi keçiriləcək: "Vaxtilə Morqanın Azərbaycanda aşkar edib, apardığı materiallar, həmçinin bizim aşkar etdiyimiz yeni materiallar və Azərbaycan ərazisində tapılan oxşar və həmdövr arxeoloji materiallar həmin sərgilərdə nümayiş etdiriləcək. Düşünürəm ki, bu, bizim əlimizə düşmüş yaxşı fürsətdir".
Qeyd edək ki, ekspedisiya qrupu həmçinin Monidigah kəndi ərazisində açıq muzey təşkil etmək və buraya turistlərin marağını cəlb etmək fikrindədir.