1300 metr yüksəklikdən reportaj

Bir xəyalın dalınca getmək. Dünyaya bir neçə metr hündürlükdən deyil, tam 1300 metr yüksəklikdən baxmaq... Qısa bir zaman ərzində gerçək azadlığı hiss etmək.

 

Əsl macəra üçün yola çıxdıq.

 

Eynən belə.. 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin Balakən rayon 1 saylı filalındayıq. Qərar verildi, paraşütdən tullanacağıq. 10 nəfərik. 9 oğlan və bəndəniz. Oğlanlardan biri bu prosesi qorxulu saydığı üçün sonda uçuşdan  imtina edir. Bizimlə birgə 4 Gürcüstan vətəndaşı da var. Məhz paraşütdən tullanmaq üçün burdadırlar.

 

Uçuşdan öncə iştirakçılarla təlim başladı. Bizi hansı risklərin gözlədiyi barədə məlumatlandırıb, qarşılaşa biləcəyimiz hadisələrlə bağlı əvvəlcədən təlimatlandırdılar. Əslində təlim həyəcanımızı bir qədər də artırdı. Zarafat deyil, 1300 metr yüksəkliyə qalxmalıyıq. Yerə necə enəcəyimiz, ondan sonra hansı addımlar atacağımız.

 

Bütün təlimatlar verildi... 

 

Xüsusi formanı geyindik, paraşüt çantalarımızı götürdük. Göyə qalxmaq vaxtıdır.  

 

Komandirlər sonuncu dəfə iştirakçıları yoxlayırlar. Təlimatlandırırlar.  Təyyarə doğru irəliləyirik. Əvvəlcə çəkisi az olan iştirakçı kimi içəri mən keçirəm. Hər kəs yerini tutduqdan sonra təyyarə havaya qalxır.

 

Təyin olunan yüksəkliyə çatırıq. İlk dəfədir ki, tullanmaq üçün bu qədər yuxarıdayam. 

 

Hazırda biz 1300 metr yüksəklikdəyik. Budur, qapı açıldı. Bu o deməkdir ki, bizim tullanmaq vaxtımızdır.

 

Qaydaya görə, təyarəyə əvvəlcə çəkisi az olanlar minirsə, elə həmin qaydalara görə də təyyarəni əvvəlcə çəkisi çox olanlar tərk edir. Beləliklə çəkisi çox olan iştirakçılar tullandılar. Sonda mən.

 

Budur 1300 metrdən son baxış və havadayam.

 

İlk saniyələrdə yaşanan boşluq, həyəcan, qorxu sözlə ifadə olunur. Saatda 50 kilometr sürətlə aşağıya doğru gedirsən və paraşüt açılır. Və sən havada asılı qalırsan. Bundan sonra, hər şey sənin paraşütü necə idarə etməyindən aslıdır. Ağır çəkili iştirakçıların uçuşu 3 dəqiqə çəkdi. Mənim isə 10 dəqiqəyədək, ucsuz-bucaqsız səmadan asılıb qaldım. Burdan yerin daha doğma göründüyünü hiss etdim. Əvvəlcədən nəzərdə tutduğum əraziyə düşməsəm də enməni uğurla başa çatdırdım. Yəni heç bir xırda xəsarət belə almadan. 

 

Artıq ayaqlarım yerə dəyir, bu o deməkdir ki mən prosesi müvəffəqiyyətlə yerinə yetirmişəm. Çox möhtəşəm idi, mən bunu sözlə ifadə edə bilmərəm.

 

Komandir də təsdiq edir.

 

Paraşütlə tullanarkən insan özünü, öz psixoloji dözümünü müəyyənləşdirə bilir. Özü üçün yeni nəsə tapır. Hətta müvəqqəti uçmaq, yən anba an yerə yaxınlaşaraq uçmaq belə insanın sözlə ifadə edilə bilməyən azadlığıdır. Uçaraq azad olmağın həəzzi həyəəcanından daha təsirlidir. 

 

Müəllif | Apa.Tv