Azərbaycan rusiyalı milyonçu German Sterliqovu beynəlxalq axtarışa verdi
Azərbaycan rusiyalı milyonçu German Sterliqovu beynəlxalq axtarışa verib. APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda qeyd olunur ki, “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri və digərləri Azərbaycan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan keçib. Eyni zamanda o, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində dövlət əleyhinə yönələn açıq çağırışlar edib. Buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından, German Sterliqov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.